Banner
Banner

Din və sağlamlıq

Kimlərə oruc tutmaq olmaz – HƏKİM MƏSLƏHƏTİ

Kimlərə oruc tutmaq olmaz – HƏKİM MƏSLƏHƏTİ
10:18 13 Aprel 2021

Oruc sağlam şəxslərdə mədənin dincəlməsi və orqanizmdə detoks effekti yaratdığı üçün xeyirli olduğu halda, xəstələrdə yanaşı olaraq bəzi problemlərə səbəb olduğu üçün məsləhət görülmür.

Tibb.fed.az Salyan rayon Mərkəzi Xəstəxananın həkimlərinin hazırladığı elmi məqaləyə əsasən kimlərin oruc tutmalı olmadığını açıqlayır.

Yaşlılar və hamilə qadınlarla yanaşı ürək-damar sistemi xəstəliyi, hipertoniya, şəkərli diabet, xora xəstəliyi və psixi xəstəliklər kimi bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən xəstələrə oruc tutmaq məsləhət görülmür. Bundan başqa Parkinson, Alzeymer, bəzi digər psixiatrik pozuntular, xərçəng, reflyuks, öd daşı xəstəliyi, qəbizlik, mədəaltı vəzi xəsrəliyi, xroniki böyrək çatışmazlığı olan xəstələr, davamlı olaraq dərman qəbul etməli olan, əməliyyat olunmuş və ya əməliyyatdan sonrakı dövrdə olan xəstələr, hamilə və ya süd verən analar da oruc tutmamalıdır. Yanaşı olaraq həzm olunması çətin olan yeməklər, ağır idman hərəkətləri məsləhət görülmür.

Kosmetik əməliyyatlar halaldırmı? – HACI ŞAHİNDƏN AÇIQLAMA

Ümumilikdə götürsək, xəstəlikləri aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

• Müalicəsi çətin olan ciddi xəstəliklə bağlı əməliyyat olunmuş və rejimli qaydada qidalanması vacib olan xəstələr. Bura bütün xərçəng və ciddi əməliyyat keçirmiş xəstələr daxildir.

• Davamlı olaraq dərman qəbul etməli olan ürək, böyrək, qaraciyər xəstələri və şəkərli diabet xəstələri

• Şiddətli ağrı səbəbindən davamlı olaraq ağrıkəsici dərman qəbul etməli olan, xora xəstəliyi və s. olan xəstələr

• Mövcud xəstəliyinin oruc zamanı daha da kəskinləşə biləcəyi xəstələr (vərəm və digər qızdırmalı xəstəliklər)

Şəkərli diabet və oruc

Şəkərli diabet xəstələri üçün qidalanma rejimi xüsusi önəm daşıyır. Belə ki bu xəstələr 3 əsas, 3 ara öyün qidalanmalıdır. Oruc zamanı axşama qədər ac qalan xəstənin şəkəri düşür və iftarda qəbul olunan qidalarla çox miqdarda qlükoza orqanizmə daxil olaraq mədəaltı vəzin yüklənməsinə səbəb ola bilər. Eyni zamanda toxluq qan şəkərinin həddən artıq çox olması ürək-damar xəstəlikləri riskini də artırır. Belə ki, qanda olan artıq şəkər damar divarının sərtliyinə səbəb olur, nəticədə ürəyə gələn qanın miqdarı azalır. Xəstədə döş qəfəsində ağrılar, infarkt və ya ani kardial ölüm baş verə bilər.

Xora xəstəliyi və oruc

Peptik xora mədə və ya onikibarmaq bağırsaqda, bəzən qida borusunda əmələ gələn bir yaradır. Daha çox mədədə və onikibarmaq bağırsağın girəcəyində rast gəlinir. Aclıq ağrıları və ya xüsusilə gecə yuxudan oyadan, kürəyə yayılan qarın ağrıları, yanğı hissi, həzmsizlik, halsızlıq kimi şikayətlər mədənin boş olduğu zaman, aclıq zamanı və ya yeməkdən bir neçə saat sonra əmələ gəlir, bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər. Oruc tutan zaman aclıq müddətində xora xəstəliyi şikayətləri şiddətlənə bilər, xoranın qanaması, deşilməsi kimi fəsadlar ortaya çıxa bilər.

Reflyuks və oruc.

Bu xəstəlik zamanı mədə turşusu və qidaların mədədən geriyə, qida borusuna qayıtması nəticəsində döş qəfəsində olan yanğı hissinə səbəb ola bilər. Uzun müddət aclıq sonrası yüksək kalorili və çox miqdarda qəbul olunmuş qida reflyuksu artıran başlıca səbəbdir. Bu səbəblə reflyukslu xəstələrə sahurdan sonra yatmamaq məsləhət görülür. Çünki uzanmış vəziyyətdə qidanın mədədən geriyə qayıtması rahatlaşır və eyni zamanda iftarda çox kalorili olmayan, az porsiyalı qidalanma məsləhətdir.

Öd daşı xəstəliyi və oruc

Orta yaş və daha çox yaşı olan, artıq çəkili şəxslər,çox doğum keçirmiş qadınlarda xüsusən öz daşı xəstəliyi rast gəlinir. Uzun müddət aclıq zamanı öd kisəsindəki ödün qatılaşması, axınının zəifləməsi və bu müddət ərzində yeni daşların yaranması mümkündür. Öd daşı xəstəliyinin şikayətləri həzmsizlik, qarında olan ağrılar,ürəkbulanma və qusma kimi şikayətlər olarsa, təcili olaraq həkimə müraciət olunmalıdır.

Bundan başqa davamlı olaraq alkoqol qəbul edən şəxslərin oruc tutan zaman alkoqol qəbulunu dayandırması kəsilmə sindromuna səbəb ola bilər. Şəxsdə tərləmə, titrətmə, əsəbilik, yuxusuzluq, gərginlik və s. əlamətlərlə yanaşı olaraq delirium tremens adlanan psixi vəziyyət də yarana bilər. Bu zaman xəstənin düşüncəsi pozulur, ciddi davranış pozuntusu, epileptik tutmalar, hallüsinasiyalar və koma dərəcəsinə qədər artan əlamətlər müşahidə olunur. Bu səbəbdən həkim nəzarəti olmadan alkoqolu birdəfəlik dayandırmaq məsləhət görülmür. Belə ki delirium vəziyyəti 10-15% hallarda ölümlə nəticələnə bilər.

Piylənmə xəstəliyi olan şəxslər, eləcə də piylənmə xəstəliyi səbəbindən mədə kiçiltmə əməliyyatı keçirmiş xəstələr oruc tutmadan öncə həkim ilə məsləhətləşməsi vacib şərtdir. Əməliyyatdan sonra ilk 1 ildə oruc tutmaq qəti tövsiyyə olunmur. Sonrakı illərdə orqanizmin vəziyyətindən asılı olaraq həkim oruc tutmağın nə dərəcədə uyğun olduğuna qərar verə bilər.

Ramazan ayında mümkün qədər evdə qidalanmaq, az porsiyalarla mədəni yükləmədən az ədviyyatlı, az yağlı, bol proteinli, lifli qidalar və bol maye qəbul etmək məsləhət görülür. Sağlam olun!

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner