Banner
Banner

Din və sağlamlıq

Kosmetik əməliyyatlar halaldırmı? – HACI ŞAHİNDƏN AÇIQLAMA

Kosmetik əməliyyatlar halaldırmı? – HACI ŞAHİNDƏN AÇIQLAMA
21:59 23 Yan 2021

Gözəl görünmək, çevrədəkilərin diqqətini cəlb etmək hər kəsin arzusu ola bilər. Son zamanlar Azərbaycanda dəb halını almış estetik əməliyyatların arxasındakı əsas məqsəd də budur. Lakin daha gözəl görünməklə yanaşı estetik əməliyyatlar müalicə məqsədi ilə edilir.

Yaradılışdan olan görkəmi pozmağa, korrektələr etməyək islam dininin baxışı necədir?

Hansı kosmetik əməliyyatlar dinlə qadağandır və bu qadağanın mənbəyi hardandır?

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli Tibb.FED.az-a bildirdi ki, estetik əməliyyatlar, dini nöqteyi-nəzərdən, icazəlidir:

«Dinimiz ümumi olaraq şəxsiyyətini alçaldan, insana yaraşmayan, yad mədəniyyətlərin təqlidi sayılan işlərdən çəkindirir. Bu çərçivədə kimsə öz bədəni və ya üzündə nəyisə dəyişmək istəyirsə, öz ixtiyarındadır».

Qadağanın mənbəyinə gəlincə isə, ilahiyyatçı alim deyir ki, bəzi insanlar Qurani Kerimin Nisa surəsinin 119-cu ayəsində  şeytana uyanlar haqda «onlar Allahın xilqətini dəyişdirəcəklər» cümləsini əsas tutaraq bunu plastik əməliyyatlara tətbiq edirlər:

«Lakin ayədə insan fitrətinin əksinə getmək nəzərdə tutulur, cismdəki dəyişikliklər yox. “Yəni yaradılış etibarı ilə insana xas mənəvi-psixoloji xüsusiyyətləri dəyişmək cəhdi».

Hacı Şahin dinimizin ümumi olaraq şəxsiyyəti alçaldan, insana yaraşmayan, yad mədəniyyətlərin təqlidi sayılan işlərdən çəkindirən əməlləri yada salaraq kosmetik vasitələrdən istifadənin həddini də nəzərə almağı tövsiyə etdi:

«Kosmetik vasitələrdən başqalarının diqqətini cəlb edəcək, başqalarını təhrik edəcək qədər istifadə etmək icazəli deyil. Kosmetik vasitələrin tərkibinə gəlincə isə, dinimizdə murdar sayılan maddələrdən hazırlanmış vasitələrdən çəkinmək tövsiyə olunur».  

İslam dinində ətir və digər qoxulardan istifadənin həddi və yeri barədə də hökm var.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi bu məsələnin cəmiyyətdən asılı olduğunu bildirdı. Onun sözlərinə görə, elə cəmiyyətlər var ki, orada kosmetikadan və ya ətirdən istifadə ehtiras mesajı daşıyır:

«Təbii ki, belə mühitdə kosmetika və ətirdən istifadə etməkdən çəkinmək gərəkdir. Elə cəmiyyət də var ki, bu vasitələrdən istifadə sadəcə insanın təmizkarlığını göstərir. Bu baxımdan belə məsələlər yaşadığımız mühitə görə dəyişə bilər».

Hacı Şahin bildirir ki, ümumiyyətlə, dinimiz insanın təmizliyi və səliqəliyinə xüsusi önəm verir: «Bildiyiniz kimi, Mədinədə bəzilərinin dırnaqlarını tutmadığı üzündən Peyğəmbərə (s) bir müddət vəhy nazil olmadı. Yəni insanlar gigiyena və səliqəliyinə fikir vermədikdə ilahi kəlamı eşitmək qabiliyyətini də itirir. Kosmetik vasitələrdən, ətirlərdən də istifadə bəyənilən hesab olunur. Hətta Peyğəmbərimizin (s) ən çox sevdiyi hədiyyə ətir olub. Geyimimiz, görkəmimiz bizim xasiyyətimiz haqda məlumat verir. İnsanın süslənməyi də təbii və gözəldir, lakin əndazəsini aşmamaq şərtilə.

Bəzənməkdən, süslənməkdən məqsəd başqalarından nəyin bahasına olursa olsun seçilmək, öz statusunu vurğulamaq, başqalarını təqlid etmək, bir sözlə başqaları üçün olmamalıdır. İnsan xarici görünüşü ilə daxili çatışmazlıqlarını ört-basdır etməməlidir. Dinimizn də bu məsələdə qoyduğu çərçivələr yalnız və yalnız insan şəxsiyyətinin müstəqilliyi və inkişafı üçün nəzərdə tutulub».

Beləliklə, istər anadangəlmə, istərsə də qəza nəticəsində əmələ gələn fiziki qüsurların fitrətə uyğunlaşdırmaq üçün estetik əməliyyatına icazə verilir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner