Banner
Banner

Xəbərlər

Prokurorluq 2 xəstəxananın vəzifəli şəxsləri barəsində - CİNAYƏT İŞİ BAŞLATDI

Prokurorluq 2 xəstəxananın vəzifəli şəxsləri barəsində - CİNAYƏT İŞİ BAŞLATDI
16:45 10 İyun 2021

1 nömrəli uşaq Somatik sanatoriyası və 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin əmək haqqı kartları ilə bağlı maxinasiyaları ifşa edilib.

Tibb.fed.az bildirir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

1 nömrəli uşaq Somatik sanatoriyasının baş həkimi Dilay İslamova və həmin müəssisənin baş mühasibi Burhan Cəfərovun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq hazırda istintaqı aparılır.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Dilay İslamova və Burhan Cəfərovun sanatoriyada işçi kimi rəsmiləşdirilən, lakin faktiki olaraq işə gəlməyən ayrı-ayrı tibb işçilərinin əmək haqqı kartlarını özlərində saxlamaqla həmin kart hesablarında olan ümumilikdə 32 min 700 manat məbləğində pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı qeyd edilən vəzifəli şəxslər tərəfindən vurulmuş maddi ziyanın tam həcmdə dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılovanın qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə Zinyət İsmayılovanın 13 aprel 2021-ci il tarixədək xəstəxananın baş həkimi vəzifəsində işləmiş Rəsul Baxşəliyevlə cinayətkar əlaqəyə girərək 2015-ci ildən etibarən xəstəxanada ayrı-ayrı vəzifələrdə işləmiş tibb işçilərinin əmək stajının hesablanması yolu ilə işə gəlməmələrinə şərait yaradılması müqabilində sonuncuların əmək haqqı kartlarını özündə saxlamaqla, kart hesablarına mədaxil olunan ümumilikdə 314 min 400 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdıraraq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Zinyət İsmayılovanın 13.04.2021-ci il tarixdən hazırki dövrədək həmin müəssisənin baş həkimi vəzifəsində işləyən Ceyhun Yusifovla birlikdə eyni cinayətkar üsul ilə həmin işçilərə məxsus cəmi 13 min 800 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdırararaq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı vurulan maddi ziyanın 112 min manat hissəsinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Hazırda cinayətlərin törədilməsində hər-hansı formada iştirak edən digər şəxslərin dairəsinin müəyyənləşdirilməsi və vurulan maddi ziyanın qalan hissəsinin ödətdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner