Banner
Banner

Xəbərlər

Azərbaycanlı cərrah Almaniya səhiyyəsinin sirlərini açıqladı – ƏMƏLİYYATA PUL ALMAQ…

Azərbaycanlı cərrah Almaniya səhiyyəsinin sirlərini açıqladı – ƏMƏLİYYATA PUL ALMAQ…
12:30 10 May 2021

“Siqaret ürəyin bir nömrəli düşmənidir, tütünün tərkibində nikotindən başqa təqribən 4000 zəhərli maddə var. Bunlar ürəyin və ümumiyyətlə bütün damarların içəri qişasını zədələyirlər və bunun nəticəsində damardaxili trombların əmələ gəlməsi sürətlənir”.

Tibb.fed.az Almaniyada yaşayıb çalışan ürək cərrahı Seymur Kərimlinin Publika.az-a müsahibəsini təqdim edir:

 

Almaniyanın ən böyük xəstəxanalarından olan Vürzburq Klinikasının şöbə müdiri, hazırda həmin klinikanın 9 əsas ürək cərrahından biri olan həmyerlimiz bizimlə ürək sağlamlığına və həyata keçirdiyi ürək transplantasiyasına dair vacib məqamları bölüşüb.

- Seymur doktor, niyə Almaniya universitetlərindən birində təhsil almaq qərarına gəldiniz və ürək cərrahiyyəsini seçdiniz? Ümumiyyətlə, bu yolda hansı çətinliklərlə qarşılaşmısınız?

- Həkim ailəsində böyümüşəm, orta məktəbi qızıl medalla, Tibb Universitetini isə qırmızı diplomla bitirən atam idealım idi. Hələ uşaq vaxtlarından qarşıma məqsəd qoymuşdum ki, atam kimi tanınmış həkim olum, insanlara şəfa vermək istəyi məni bir an da olsun tərk etməyib. Atam ürək infarktından dünyasını dəyişəndən sonra bu həyatda üzərimə düşən missiyanı müəyyənləşdirdim. Atamın həm varlığı, həm də yoxluğu öz yolumu tapmağa kömək etdi və məni ürək cərrahiyyəsinə gətirdi. Beləliklə ürək cərrahı olmağa qərar verdim. Bu sahəni dərindən öyrənib müasir cərrahi yolla ürək xəstələrinə yardımçı olmağı qarşıma məqsəd qoymuşdum. Bu hadisələr 1995-ci ilə təsadüf edir, onda Tibb Universitetinə yeni qəbul olmuşdum, o illərdə Azərbaycanda ürək infarktı keçirən xəstələrin koronar damarlarına stent qoymaq və ya şuntlama əməliyyatları ilə həyatlarını xilas etmək mümkün deyildi. 2001-ci ildə Tibb Universitetini bitirəndə belə, Azərbaycanda ürək cərrahiyyəsi demək olar ki, yox səviyyəsində idi.

Almaniyada tibb ixtisasına qəbul qaydaları bir qədər sərt və son dərəcə rəqabətli mühitdə keçsə də, tibb sahəsində mənim üçün ən ideal ölkə Almaniya idi. Ümumiyyətlə, Almaniya dünyada tibb sahəsində ən güclülərdən biri hesab edilir. Təhsilimi Almaniyada davam etdirmək böyük zəhmət tələb edirdi, çətinliklər çox idi. Almaniyada həkim işləmək üçün tibbi biliklərdən savayı, dilini mükəmməl öyrənmək, eyni zamanda fərqli tibb sisteminə və mental dəyərlərə uğyunlaşmaq tələb olunur. Amma qarşınıza qoyduğunuz hədəflər dəqiq və aydındırsa, iradənizin gücü və əzm sayəsində istənilən çətinliyin öhdəsindən gəlmək olar.

- Ürək əməliyyatlarında inanılmaz irəliləyişlər əldə edilsə də, sirr deyil ki, ildən-ilə ürək-damar xəstəlikləri cavanlar arasında da görünməyə başlayıb.

- Ürək xəstəlikləri ya anadangəlmə, ya da sonradan qazanılmaqla iki qrupa bölünür. Cavanlar və uşaqlar əsasən anadangəlmə ürək qüsurlarından əziyyət çəkirlər. Amma cavan yaşlarda belə, miokardit adlı ürək əzələsinin iltihabı və ya endokardit adlı ürək qapaqlarının iltihabı kimi sonradan qazanılma xəstəliklərə rast gəlinir. Ürəyin tac damarlarının və ya ürək qapaqlarının sklerozlaşmasından, yəni kirəcləşməsindən meydana çıxan qazanılma xəstəliklər gənc yaşlarda çox nadir baş verir.

“Ürək-damar xəstəlikləri olan insanlarda COVİD-19 zamanı ölüm riski daha yüksəkdir” – BAŞ KARDİOLOQ

- Bəs ürək xəstəliklərinin səbəb olduğu yüksək ölüm nisbətini nə ilə izah edirsiniz?

- Dünyada ürək xəstəliklərinin diaqnostikasında və müalicəsində çox yüksək inkişaf var, amma ölüm səbəbi kimi ürək-damar xəstəlikləri hələ də sıralamada liderlik edir və bu göstərici təqribən bütün ölüm hallarının 1/3-idir. Səbəbi odur ki, ürək çox həssas, fasiləsiz işləyən orqandır, onun işi bütün orqanizmi qanla, daha doğrusu oksigenlə təmin etməkdir. Oksigensiz heç bir orqan və toxumada həyat yoxdur. Ürəyin “yorulması”, “fasilə verməsi” bütün orqanizmin dayanması deməkdir.

- Statistikaya görə, xüsusilə kişilər ən çox ürək-damar xəstəliklərindən əziyyət çəkirlər və ən çox bundan ölürlər. Müasir tibb kişiləri ürək-damar xəstəliklərindən “sığortalamağın” hər hansı bir üsulunu hələ də tapmayıb?

- Bəli, statistikaya görə, kişilər ürək xəstəliklərinə, əsasən ürəyin işemik xəstəliyinə daha tez məruz qalırlar. Amma ürək xəstəliklərinin müalicəsi həm kişilərdə, həm də qadınlarda eyni olduğundan xüsusi olaraq kişilər üçün “sığortalanma” üsulu yoxdur.

- Bir insanın ürəyini oxumaq, qəlbindəkilərdən agah olmaq yəqin ki, hər kəsin arzusudur. Yüzlərlə ürək əməliyyatı həyata keçirmiş bir həkim kimi ürək sağlamlığının əsas sirlərini bölüşə bilərsiniz? Neçə yaşdan etibarən ürəyin qeydinə qalmağı öyrənməliyik?

- Mən deyərdim ki, həm orqanizmi, həm də ürəyin sağlamlığını elə körpəlikdən qorumaq lazımdır. Valideynlər uşaqlarına sağlam həyat tərzini öyrətməlidirlər. Əgər bir ata övladlarının yanında siqaret çəkirsə, o uşaq yeniyetmə yaşına çatanda çox güman ki, siqaretə meyilli olacaq, həm də uşaq passiv “zəhərlənməyə” məruz qalacaq. Siqaret də bildiyimiz kimi, ürəyin bir nömrəli düşmənidir. Siqaret tütününün tərkibində nikotindən başqa təqribən 4000 zəhərli maddə var. Bunlar ürəyin və ümumiyyətlə bütün damarların içəri qişasını zədələyir və bunun nəticəsində damardaxili trombların əmələ gəlməsi sürətlənir. Bu da nəticədə damarın tutulmasına və ürək infarktına səbəb olur. Əgər bu proses beyin damarlarında baş verərsə, insult, əgər ayaq damarlarındadırsa ayaqların amputasiyasına gətirib çıxaran qorxulu damar xəstəliyi törədə bilər. Evin içində, ailə üzvlərinin yanında, divanda oturub siqaret yandırmaq Azərbaycanda tez-tez rast gəlinən adi haldır. Açığı, Azərbaycanda olanda buna çox sərt reaksiya verirdim. Bu, qəti yolverilməzdir.

Bundan başqa, əlbəttə ki, qidalanma vacibdir, uşaqlara ifrat dərəcədə “Koka-Kola”, fəstfud, şirniyyat və dondurma vermək olmaz. Əks halda orqanizm buna öyrəşir, fəsadları isə böyüyəndə büruzə verir. Dediyim odur ki, pis vərdişləri uşaqların gözü önündə etməyin, uşaqları düzgün qidalanmaya və idmana öyrəşdirin, ən əsası, bunu həyat tərzinə çevirin.

- Doktor, azərbaycanlılarla almanların sağlam həyat tərzi arasında hansı fərqləri qeyd etmək olar? Almanların həyat tərzindən hansı nümunəni götürməyə dəyər?

- Mən deyərdim ki, qidalanmada fərq var, bizim millət daha çox yağlı ət yeməklərinə meyillidir, almanlar nisbətən tərəvəz yeməklərinə üstünlük verirlər. O da məlumdur ki, azərbaycanlılar şəkəri ifrat dərəcədə işlədirlər. Digər önəmli faktor azərbaycanlıların daha hərəkətsiz həyat tərzi sürməsidir. Məsələn, Almaniyada velosiped sürən yaşlı adamlara tez-tez rast gəlmək olar, eyni zamanda üzgüçülüklə məşğul olurlar. Yaşlı deyəndə 75-80 yaşlı adamlardan danışıram. Çox adam səhərlər işə velosipedlə gedir. Çalışdığım universitetin rektoru və klinikanın direktoru da işə velosipedlə gəlir, sadəcə idman üçün etmirlər, bunu həyat tərzinə çeviriblər.

Buna baxmayaraq, almanların da pis vərdişləri var. Almaniyada da ürək-damar xəstəliklərindən ölənlər birinci yerdədir. Məsələn, almanlar fəstfud və alkoqolu bizdən daha çox istifadə edirlər. Meyvə-tərəvəzlərin həm istifadə müddətini artırmaq, həm yaxşı görünməsi, həm də çürüməsinin qarşısını almaq üçün geniş miqyasda pestisidlər adlanan kimyəvi maddələrdən istifadə edirlər. Yüksək dərəcədə piylənmə faizi Almaniyada da çoxdur.

- İlin hansı vaxtında ürək xəstəliyi olan insanlar son dərəcə diqqətli olmalıdır? Ağırlaşmalar nə vaxt baş verir?

- Araşdırmalar göstərir ki, soyuq aylarda damarların kəskin daralmasına görə, ürəyin işemik xəstəliyi olanlarda infarkt insidensi yüksəlir.

- Ürək köçürülməsi əməliyyatı keçirən insanda hansı dəyişikliklər baş verir? Ömrünü uzatmaq üçün hansı həyat tərzini seçməlidir və ya hansı vərdişlərindən imtina etmək məcburiyyətindədir?

- Ürək transplantasiyası həyatqurtarıcı əməliyyatdır. Əlbəttə ki, onun da özünəməxsus ağırlaşmaları və riski var. Bu pasiyentlər ömür boyu immun sistemi zəiflədən immunsupressiv dərmanlar içməlidir ki, orqanizm yad ürəyi “rədd etmək” reaksiyası verməsin. Buna görə də onlar infeksiyaya qarşı çox həssas olurlar, yəni infeksiyadan qorunmaq birinci şərtdir. Bundan başqa, ürək xəstələrində olduğu kimi, ürəyə neqativ təsir edən faktorları məhdudlaşdırmalıdırlar. Buraya siqaret, alkoqol, hərəkətsizlik, yüksək bədən çəkisi, stress, yüksək təzyiq, yüksək xolesterin və s. aiddir.

-Psixoloji baxımdan həssas olan insanların ürək xəstəliklərinə daha çox meyilli oluğu deyilir. Doktor, panik atak, stress və depressiya ürəyin işinə necə təsir edir?

- Ürək damarlarını daraldır və taxikardiya yaradır. Bu da ürəyin qanla təchizatını ləngidir və ürəyin oksigenə olan tələbatını yüksəldir.

- Hər ürək ağrısı təhlükəlidirmi?

- Bəli, ürək ağrısı çox təhlükəlidir, bu, baş verirsə, mütləq və təxirəsalınmadan həkimə müraciət etmək lazımdır.

- Almaniyada ağır ürək əməliyyatlarını həyata keçirən nadir azərbaycanlı həkimlərdən birisiniz. Bu illər ərzində həyatınızda dərin iz qoyan əməliyyatlar barədə təcrübə və xatirələrinizi bizimlə bölüşə bilərsinizmi? Ürək əməliyyatının müvəffəqiyyətli olması xəstənin durumundan, ya həkimdən asılıdır?

- Artıq 13 ildir ki, Almaniyada həkim işləyirəm. Məni valeh edən əlbəttə ki, ürək transplantasiyasıdır və onun çox dəqiq təşkilidir. Bunun üçün əvvəlcə donordan ürəyin eksplantasiyası həyata keçirilir. Bəzən 800 km-lik məsafəyə, hətta qonşu ölkələrə xüsusi təyyarə ilə uçuruq ki, ürəyi eksplantasiya edib klinikaya gətirək. Ürək qanla qidalanmaya çox həssas olduğu üçün bu proses 4 saat ərzində bitməlidir. Bu, çox qısa zamandır, eksplantasiya, uçuş vaxtı və transplantasiya birlikdə 4 saatda tamamlanmalıdır. Bunun üçün xüsusi mərkəzləşmiş sistem çalışır, Avropa üçün mərkəz Amsterdamdır, onlar kordinator ayırırlar, hər addımı kordinator tənzimləyir ki, vaxt itkisi olmasın. Əməliyyatın uğurlu olması həm komanda işindən, həm də xəstənin vəziyyətindən asılıdır.

- Azərbaycan səhiyyəsində sizi narahat edən məsələlər hansılardır? Almaniya səhiyyəsi ilə müqayisə aparsaq, mövcud vəziyyəti necə qiymətləndirərdiniz?

- Buna dəqiq cavab verə bilmərəm, Azərbaycanda çox az işləmişəm, 2002-2004-cü illərdə Silahlı Qüvvələrdə 2 il hərbi həkim, 2005-ci ildə isə qısa müddət onkoloq kimi çalışmışam. Elə həmin il də Almaniyaya köçmüşəm. Odur ki, səhiyyə sistemi haqqında çox az məlumatlıyam.

-Cəmiyyətdə, mediada Azərbaycandakı ürək əməliyyatlarının çox baha olması ilə bağlı fikirlər səslənir. Sizcə, dünya təcrübəsi ilə müqayisədə bahadırmı?

- Qiymətlərdən xəbərim yoxdur, indiyə qədər heç kimdən əməliyyat üçün pul almamışam. Almaniyada bütün tibbi xidmətləri tibbi sığorta qarşılayır, bu işlə klinikanın maliyyə şöbəsi məşğul olur. Mən Dövlət Universitetinin Klinikasında işləyirəm, buradakı həkimlər əməliyyatın sayından asılı olmayaraq, stabil maaşlarını alırlar, odur ki, əməliyyat qiymətləri ilə heç kim maraqlanmır.

- Və nəyahət sonuncu sualımın cavabını eşitməyə xüsusilə səbirsizlənirəm. Doktor, ürəyin mənəvi təmizliyini qoruyub saxlamağın bir yolu varmı?

- Çox heyf ki, ürəyin mənəvi təmizliyinə kardiocərrahlar müdaxilə edə bilmirlər. Bu, artıq vicdan və tərbiyə məsələsidir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner