Banner
Banner

Xəbərlər

Agentlik: «İcbari tibbi sığorta həkimlərin maaşlarına da təsir edəcək» - MÜSAHİBƏ

 Agentlik: «İcbari tibbi sığorta həkimlərin maaşlarına da təsir edəcək» - MÜSAHİBƏ
11:40 16 Fev 2021

Xəbər verildiyi kimi, 2021-ci ilin sonunadək Azərbaycanın bütün ərazisində icbari tibbi sığortanın tətbiqi gözlənilir. İlin əvvəlində sığortanın əhatə dairəsi bir qədər də artıb. Apreldən etibarən isə Bakı, Sumqayıt və Abşeron da bu sistemə qoşulacaq.

İcbari tibbi sığortanın tətbiqi, onun vətəndaşlara, həkimlərə və özəl klinikalara təsiri ilə bağlı Tibb.fed.az-ın suallarına İcbari Tibbi Sığorta Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov cavab verir.

- Vüqar müəllim, bir qədər əvvəl, hələ icbari tibbi sığorotaya daxil olan xidmətlər zərfi müzakirə ediləndə bildirilirdi ki, buraya süni mayalanma da daxil olacaq. Yəni bu xidməti də tibbi sığorta hesabına pulsuz almaq mümkün olacaq, elədirmi?

- Xidmətlər zərfində əslində əvvəldən planda var idi ki, süni mayalanma və qaraciyər transplantasiyası kimi əməliyyatlar daxil edilsin, amma bu il üçün nəzərdə tutulmayıb. Amma gələcək illərdə mümkündür, çünki qanunda keçən il ərzində dəyişikliklər həyata keçirildi və bu ildən artıq ona tətbiq eləməyimizə vaxtımız çatmadı. Amma gələn illərdə nəzərdə tutulub ki, bu cür xidmətlər də sığorta təminatında olsun.

- Bir dəfə istifadə etmək şərtilə, elədirmi?

- Bəli, bir dəfə olmaq şərtilə olacaq. Orada əslində bir dəfə yox, bəzi kriteriyalar da var ki, onları da biz artıq hazırlamışıq. Yəni ki, gələn dəfə artıq xidmətlər zərfinə daxil olanda biz o kriteriyaları da açıqlayacağıq.

- Vüqar müəllim, adətən xəstələrin öz həkimləri olur, hansı ki, tanıyır və daha çox etibar edirlər. Amma icbari sığortada xəstə istənilən həkimə düşə bilər. Belə hal mümkündürmü ki, xəstələr nisbətən artıq ödəmə ilə həkim seçimini özü etsin. Məsələn bildiyimizə görə Almaniyanın tibbi sığortasında belə imkanlar var.

- Xeyr, bizdə belə bir xidmət yoxdur və belə bir şey mümkün deyil.

- Belə çıxır həkimin birinə daha çox xəstə müraciət edəcək, digərinə daha az? Seçim necə olacaq?

- Qaydalara görə, xəstə öz istədiyi həkimə gedə biləcək, sadəcə bunun üçün əlavə ödəniş etməyəcək. Yəni mən o həkimə getmək istəyirəm, onun üçün əlavə 50 manat ödəyim və s. kimi şeylər ola bilməz.

- Belə çıxır ki, xəstələrin daha yaxşı hesab etdikləri həkimlərə müraciət daha çox olacaq?

- Əlbəttə ki, bu qayda rəqabət mühitini genişləndirəcək, yəni həkimlər öz üzərində daha çox işləyəcəklər, daha hazırlıqlı olmağa çalışacaqlar ki, vətəndaşa göstərilən xidmətin keyfiyyəti də artsın.

- Bəs bizim dövlət xəstəxanalarındakı şərait xəstələrin tibbi sığorta paketindən tam istifadə eləməsi üçün yararlıdırmı? Məsələn, ola bilər ki, orada həmin o əməliyyat, yaxud digər xidmət göstərilmir, o halda regionlara gəlmək və yaxud da rayondan Bakıya üz tutmağa pasiyentin haqqı varmı?

- Bizim tibb müəssisələrində hansı xidmət ki, vətəndaşımıza təqdim oluna bilmir, həmin vətəndaşı tabeçiliyimizdə olan digər tibb müəssisəsinə göndəririk. Əgər orada da həmin xidməti əldə etmək mümkün deyilsə, artıq həmin vətəndaş müqaviləmiz olan özəl tibb müəssisəsinə göndərilir.

- İcbari tibbi sığortaya hansı özəl klinikalar qoşulub və onların sayı nə qədərdir?

- Klinika sayını dəqiq deyə bilməyəcəm, amma müqaviləsi olan özəl tibb müəssisələri, məsələn, Mərkəzi Klinik Xəstəxana, Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi kimi böyük özəl tibb müəssisələri var ki, bunlarla müqaviləmiz var.

Buna əsasən, biz özəl tibb müəssisələrinə hər müraciət edən müəssisələri xüsusi araşdırırıq və baxırıq ki, orada hansı tibbi xidmətləri təqdim edə bilər, ərazisi nə qədərdir və s. kimi kriteriyalar var ki, ona görə biz tibb müəssisəsi ilə müqavilə bağlayırıq.

- Klinikaların bu sistemə qoşulması üçün hansı kriteriyalar var?

- Bizim əsas kriteriyamız odur ki, bizdə, yaxud tibb müəssisələrimizdə olmayan bütün növ xidmətləri təmin edə bilək. İkincisi də bu tibb müəssisəsi vətəndaşımız üçün yüksək səviyyədə xidmət göstərəcək mərkəz olsun. Yəni ərazisi, tibbi xidmətinin sahəsi, həm çeşidi, həm tibbi xidmətin keyfiyyəti, həm həkimlərin səviyyəsi cəhətdən də çox üstün səviyyədə tibb müəssisələri olmalıdır.

- Özəl tibb müəssisələrində əsasən hansı xidmətlər nəzərdə tutulur? Yəni zərfə daxil olan bütün xidmətlər, yoxsa sadəcə ayrı-ayrı əməliyyatlar?

- Bizim və ya tabeçiliyimizdə olan tibb müəssisələrində hal-hazırda mövcud olan və əhaliyə təqdim edə bilmədiyimiz  xidmətləri  müqavilələrimiz olan tibb müəssisələrindən əldə edə bilirik. Bunlar məsələn: kardiovaskulyar cərrahiyyədır, angioplastik əməliyyatlardır, neyrocərrahiyyə əməliyyatları, ağır travmatoloji əməliyyatlar kimi vacib olan xidmətlərdir.

- Vüqar müəllim, qanunvericiliyə görə, sahibkarlar icbari sığortaya görə, hər ay minimum əmək haqqının 4%-i qədər, yəni 10 man ödəməlidirlər. Bu məbləğ sahibkarların gəlirlərindən asılı olaraq dəyişir, yoxsa sabit bu məbləğdir?

- Bu, VÖEN sahiblərinə, fərdi sahibkarlara aiddir. Onlar da minimum əmək haqqının 4 faizi həcmində sığorta haqqı ödəyəcək.

- Bəzi hallarda maaşla işləyən adamın ödədiyi pul sahibkarın ödədiyi puldan daha artıq olur. Bu nə qədər doğrudur?

- Bu sahibkarlara dəstək üçün də nəzərdə tutulub, yani bu özəl sahibkardır, ondan tutulacaq vəsait də dövlət tərəfindən elə tənzimlənib ki, sahibkarlarımızın üzərinə böyük yük düşməsin.

- Müraciət məhdudiyyəti varmı? Yani tutaq ki, hər hansı məsələyə görə, ayda bir və ya iki dəfə?

- Yox, vətəndaşlar üçün heç bir məhdudiyyətimiz yoxdur, vətəndaş tibbi xidmətdən yararlanmaq üçün tibb müəssisəsinə istədiyi qədər müraciət edə bilər.  Sadəcə burada vacib olanı odur ki, hər bir vətəndaşımız tibb müəssisəsinə daha çox şəkildə, ehtiyac olmadığında müraciət etdikdə orada istər-istəməz növbəliliyin yaranmasına səbəb ola və bu da vətəndaşlarımızın bir-birilərinin hüququnu tapdalamasına gətirib çıxarda bilər. Hər bir vətəndaş özü buna mənəvi cəhətdən vicdanla yanaşmalıdır ki, digərlərinə əziyyət verməsin. Əgər ehtiyac yoxdursa, tibbi xidmət almaq üçün müraciət etməsin.

- Rayonlarda bu özünü necə göstərir, yəni tibbi sığorta müraciətləri nə qədər artırdı?

- Tibb müəssisələrinə müraciət, dediyim kimi, kifayət qədər çox sayda, dəfələrlə artdı.

- Bu vəziyyət Agentliyə problem yaratdımı?

- Xeyr, bizimçün heç bir problem yox idi. Çünki biz onu bilirdik, pilot ərazilərdən də bilirdik ki, xəstəxanalarda, məsələn, Mingəçevir Xəstəxanasına gün ərzində 2 mindən çox müraciət olur, Şəki Xəstəxanasına da eyni qaydada, Zaqatala Xəstəxanası və digər xəstəxanalarda müraciət sayı kifayət qədər çoxdur. Amma biz orada, həmin xəstəxanalarda tibbi xidmətin təşkil olunması üçün gözləmə yerləri və s.-ni ona uyğun olaraq hazırlamışıq.

- Dövlət proqramları ilə bağlı soruşmaq istərdim. Bəzi xəstəliklər, məsələn diabet, xərçəng və s. üzrə dövlət proqramları olduğuna görə, icbari sığortaya daxil edilməyib. Onlar icbari tibbi sığortaya nə vaxt daxil ediləcək?

- Hər bir dövlət proqramının bitmə tarixi var. Bundan sonra, əgər o dövlət proqramı davam etməyəcəksə və onların sığorta təminatına daxil edilməsi barədə dövlət rəhbərliyindən tapşırıq gələcəksə, bu halda sığorta təminatına daxil edilir.

- Aprelin 1-dən artıq Bakıda, Abşeronda və Sumqayıtda da icbari tibbi sığorta başlayır. Bu yenilik, yəqin ki, həkimlərin maaşlarına da təsir edəcək?

- Əlbəttə ki, onların gəlirlərinə də təsir edəcək. Burada tək əməkhaqqı nəzərdə tutulmayıb, dediyim kimi, həkimlər göstərdikləri xidmətlərə görə bonuslar da əldə edirlər.

- Bu zaman həkimlər arasında bərabər bölgü nəzərdə tutulub?

- Xeyr, həkimlər arasında yox, hər həkim göstərdiyi xidmətə görə öz bonusunu əldə edəcək. Yəni bu ümumi cəm halında hesablanıb həkimlər arasında bölünmür.

- Belə məlumatlar var ki, həkimlərin bəziləri dövlət müəssisələrindən çıxıb özəl klinikalara üz tuturlar...

- Bizə xəstəxanadan çıxma, bizim tabeçiliyimizdə olan tibb müəssisələrindən işdən çıxmaqla bağlı müraciət hələ ki, daxil olmayıb. Əgər belə hal varsa da, sizin dediyin hallara bizdə  rast gəlinməyib, həkimlərimiz öz iş yerlərində işləyirlər və hər birinə xüsusi hörmətimiz var.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner