Harvard Universiteti və MIT-dən professor Mehmet Toner 3 saniyə içinde 100 milyard hüceyrə içindən xərçəngli hüceyrəni tapan yeni bir metod kəşf edib. Türk aliminin bu kəşfi tibbdə yeni çığır açaraq xərçəngli xəstələrə ümid oldu. Tibb.fed.az Türkiyə və dünyanın aparıcı nəşrlərində dərc edilən məqalələrə əsasən bu barədə xəbər verir.
Pr.Mehmet Toner xərçəngin elmə bəlli olmayan sirrinin izinə düşdüyünü bir müddət əvvəl bəyan eləmişdi: “Xərçəngin qandan yayıldığı tarixi əslində ilk dəfə 1869-cu il olaraq göstərilir. Biz də xərçəng hüceyrələri qanda dolaşırsa, onları necə tapa bilərik deyə araşdırmalar aparırdıq. Yəni alimlərin edə biləcəyini edirdik: bilinməyən bir yerə getmək üçün yola çıxdıq. Bu gün gəldiyimiz nöqtədə isə xərçənglə bağlı çox böyük nailiyyətlərə imza atırıq. Gələcək çox yaxşı görünür” deyən türkiyəli alim yaxın zamanda xərçəngin xroniki bir xəstəlik kimi olacağını düşünür. Onun sözlərinə görə, bütün bunlar elm sayəsində mümkün olur.
Qeyd edək ki, professor xərçəngdə mikroçiplə edilən qan analizi tədqiqinə 2000-ci ildən başlayıb. “Heç nə birdən-birə yaranmır. Bir alim olmanın ən önəmli təməl daşlarından biri səbrli olmaqdır. Tez həllini tapan məsələylə məşğul olmaz elm insanı. Bizimkisi maraq və səbr yolçuluğudur. Qarşına hər maneə çıxdığı zaman yolu dəyişdirməli deyil, manəeni dəf eləməyin yollarını axtarmalıdır”.
Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin bildirdiyinə görə, 2020-ci ildə 19,3 milyon insan xərçəng xəstəliyinə tutulub. Bu xəstəlik nəticəsində 10 milyon insan həyatını itirib.
Dünyanın hər 5-ci sakini tez, ya gec xərcəng xəstəliyinə tutulur. Hər 8-ci kişi və hər 11-ci qadın bu xəstəlikdən həyatını itirir. Xərçənglə əlaqəli ölümlərin 70 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir.
Rəy bildir