Banner
Banner

Mədə-bağırsaq

Bağırsaq keçməzliyi – SƏBƏBLƏRİ VƏ MÜALİCƏSİ

 Bağırsaq keçməzliyi – SƏBƏBLƏRİ VƏ MÜALİCƏSİ
15:46 28 Mart 2021

Bu problemin heç də hamısı əməliyyatla aradan qaldırılmır. Ümumilikdə götürdükdə, bağırsaq keçməzliklərinin 60-70 %-i konservativ müalicə ilə açıla bilir.
Tibb.fed.az-ın məlumatına görə, mütəxəssislər qeyd edib ki, günün istənilən anında cərrahlara bağırsaq keçməzliyi ilə bağlı müraciətlər olunur: "Bu problemlə bağlı şikayətlər əsasən köp, nəcis ifrazının dayanması, yaxud azalması, qarın ağrıları, qusmalardır. Şiddətli ağrılar olmaya da bilər".
Bu zaman, hər şeydən əvvəl klinik, instrumental müayinələr aparılmalı, keçməzliyin nazik, yoxsa qalın bağırsaq səviyyəsində olduğu aydınlaşdırılmalıdır: "Rentgen müayinəsi aparılır.    
Kompüter-tomoqrafiya müayinəsi də aparıla bilər. Bütün bunlardan sonra problemin dərman müalicəsi, yoxsa cərrahiyyə əməliyyatı ilə aradan qaldırılacağı müəyyən olunur. Bağırsaq keçməzliyi 60-70 faiz hallarda konservativ müalicə ilə açılır.
Bununla bağlı xüsusi müalicə metodları var ki, heç əməliyyata ehtiyac qalmır. Müalicə çox zaman effekt verir. Təbii ki, problemin növündən asılı olaraq müalicənin necə aparılacağına qərar verilir".
Bağırsaq keçməzliyi həm də mexaniki səbəblərlə bağlı yarana, yəni bağırsaq mənfəəzinin daralması nəticəsində ortaya çıxa bilər: "Əsasən yaşlı xəstələrdə nəcis tamamən sərtləşir və daş halına gəlir. Yeni doğulan uşaqlarda ilk nəcisə çıxa bilməmə problemi də buraya aid edilir. Tük, dırnaq yeyən, daim meyvələri qabıqla qəbul edən insanlarda da mexaniki keçməzliyin yaranması mümkündür.
Bütün bunlar bağırsaqlarda toplanaraq sərt maneə əmələ gətirir və bağırsaq keçməzliyi yaradır. Bundan başqa, yaşlı insanlarda öddə olan daş öd yolları ilə bağırsağa keçə bilir və keçməzlik yaradır".
Bağırsaq boşluğunda yaranan problemlərin də keçməzliyə səbəb olduğunu deyən mütəxəssisin sözlərinə görə, bağırsaq divarında olan problemlər əsasən şiş xəstəlikləri zamanı yaranır və bağırsaq keçməzliyinə səbəb olur: "Bədxassəli şişlərin bağırsaq mənfəzini tutması nəticəsində də keçməzlik yaranır. Bağırsağın iltihabi xəstəlikləri zamanı bağırsaq divarında çatlar əmələ gəlir ki, onların hesabına mənfəz daralır. Bağırsağın xaricdən sıxılması nəticəsində də bağırsaq keçməzliyinin ortaya çıxması mümkündür".
Ümumiyyətlə, bağırsaq keçməzliklərinin 60-70 faizə qədəri bitişmələr nəticəsində ortaya çıxır: "Əgər xəstə əvvəllər bağırsaqla, ya başqa bir orqanla bağlı əməliyyat keçiribsə, hər hansı əməliyyatdan sonra qarında bitişmələr, bağırsaq keçməzliyi yarana bilər.
Bununla bağlı keçməzliklərin 70-80 faizi konservativ müalicə ilə aradan qalxa bilər. Çürümə, deşilmə yoxdursa, müalicə aparılır. Nəticə olmasa, əməliyyat tətbiq olunur".
Bağırsaq divarında hərəkət pozulması nəticəsində də keçməzlik yaranır: "Qarında infeksiyalar nəticəsində, travmalar zamanı bağırsaqda hərəkətlilik pozulur. Bu da əsasən dərman müalicəsi ilə aradan qaldırılır".

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner