Banner
Banner

İmmun sistemi

Bədənin təbii müdafiə sistemi olan – İMMUNİTETİ NECƏ GÜCLƏNDİRMƏLİ?

Bədənin təbii müdafiə sistemi olan – İMMUNİTETİ NECƏ GÜCLƏNDİRMƏLİ?
11:41 1 Mart 2021

Hər il mart ayının 1-i Ümumdünya İmmunitet Günü kimi qeyd olunur.

Tibb.fed.az bildirir ki, 1 mart tarixi Ümumdünya İmmunitet Günü kimi Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2002-ci ildən qeyd olunmağa başlanıb. Bu günün məhz baharın başlanğıcı üçün seçilməsi də təsadüfi deyil. Belə ki, immun sisteminin funksiyasının zəifləməsi halları bu fəsildə daha qabarıq şəkildə özünü büruzə verir. İmmunitet sözü latıncadan "xilas olmaq" kimi tərcümə olunur və mənaca immun sistemini, orqanizmi genetik yad ünsürlərdən qorumaq qabiliyyəti kimi qiymətləndirilir. İmmunitet anadangəlmə və adaptiv  olmaqla, 2 yerə bölünür. Əhatəmizdə daim təmasda olduğumuz milyonlarla bakteriyalar, viruslar və allergenlər mövcud olduğu halda, xəstələnmirik. Buna səbəb məhz güclü immun sistemidir.  Buna görə də immunitet “bədənin təbii müdafiə sistemi” adlanır. Bədəni yad orqanizmlərdən qorumaq üçün birlikdə işləyən kompleks hüceyrə, toxuma və orqan şəbəkəsidir. İmmun sistem bədənə daxil olmağa çalışan bütün maddələri tanıyır, ayırır və zərərli gördüklərini məhv edir.

Koronavirusdan sonra bədən müqavimətini artıran - 10 qida

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov immun sistemimizi qorumağa və gücləndirməyə kömək edəcək bir neçə tövsiyələr verib:

1. İllik qrip peyvəndi də daxil olmaqla vaksinasiya cədvəlinə laqeyd yanaşmayın;

2. Qida maddələrin, vitaminlərin və mineralların miqdarının balanslı qəbuluna diqqət edin;

3. Normal bir gecə yuxusunu təmin edin. Yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir;

4. Bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stresdən yayınmaq lazımdır. Yaxşı bir əhval-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immuntetimiz sinir və hormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir.

5. Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Yaxşı qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır.

Qeyd edək ki, immunitet hələ döl ananın bətnində olarkən formalaşmağa başlayır və uşaq müəyyən müddət bətn daxilində anadan cift vasitəsilə aldığı və doğulduqdan sonra ana südü ilə əldə etdiyi immun faktorlarla qorunur. Doğuşla aktivləşən immunitet zəiflədikdə xəstələnmə riski də eyni nisbətdə artır. İmmun sistem zəiflədikdə viruslar və digər mikroblar bədənə hücum edir və xəstəliklərə səbəb olur. Müxtəlif infeksion və qeyri-infeksion xətəliklər immun sistemini daha da zəiflədə bilər. Bədənin infeksion xəstəliklərə tutulma riskini minimuma endirmək üçün immun sistemini gücləndirmək lazımdır. Hər hansı bir mikroorqanizmlə təmas immun sisteminin "yaddaşına" həkk olunur, gələcəkdə insanları həmin xəstəlikdən qoruyur və hər bir virusa, bakteriyaya özünəməxsus spesifik cavab verir. Peyvənd sistemi də bu prinsip üzərində qurulub. Orqanizmi bir sıra ağır xəstəliklərdən (vərəm, poliomielit, difteriya, qızılca, göyöskürək və s.) qorumaq üçün uşaqlar dünyaya gəldiyi vaxtdan etibarən peyvənd olunurlar. Əgər peyvənd olmasaydı, dünyada bu xəstəliklərin qorxunc epidemiyaları tüğyan edərdi.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner