Banner
Banner

Hamiləlik və doğuş

Hamiləlik dövründə vacib olan – TEST VƏ MÜAYİNƏLƏR – SİYAHI, QİYMƏTLƏR

 Hamiləlik dövründə vacib olan –  TEST VƏ MÜAYİNƏLƏR – SİYAHI, QİYMƏTLƏR
09:55 23 Fev 2021

Hamiləlik – nəinki hər bir qadının, həm də onun ailəsinin həyatında mühüm bir dövrdür. Dünyaya gələcək körpə və onu həyata gətirəcək ananın sağlamlığı hər bir ailə üçün ən vacib məsələdir.

Ona görə də hamiləlik dövründə ana və gələcək uşağın səhhəti diqqət mərkəzində olmalı, onların sağlamlıq durumu mütəmadi olaraq testlər və analizlərlə izlənilməlidir.

Vaxtında aşkar olunan problem ananın və körpənin sağlamlığını qorumağa, vaxtında lazımi tədbir görməyə imkan verir.  

Tibb.FED.az bunu nəzərə alaraq, xanımlar, xüsusilə ilk dəfə ana olmağa hazırlaşan qadınlar üçün hamiləlik dövrü testlərini təqdim edir.

Hamiləlik dövrü testləri

İlk növbədə ultrasəs müayinəsində hamiləlik təsdiq edilməli, uşağın ürək döyüntüləri eşidilməlidir.

Hamiləliyin 6-8, 15-20 və lazım gəldikcə sonrakı həftələrində ananın qan təzyiqi ölçülür.

6-8 həftəliyində qanın və sidiyin ümumi analizi, qan qrupu, Rh və qanda hepatit B, C virusu, sifilis, HİV testləri, Rubella (qızılca və məxmərəyin təyini) yoxlanılır.

11-14-cü həftədə USM-də ənsə qalınlığına, burun sümüyünə baxılır, bununla xromosom anomaliyalarının olub-olmaması araşdırılır.

15-20 ci həftədə yenə həkim baxışı, ananın çəkisi və təzyiqi ölçülür və ananın şikayətlərinə uyğun olaraq lazımi analizlər götürülür.

20-22-ci həftəsində dölün dopplerometrik (kompüterdə) müayinəsi aparılır. Bu zaman dölün bütün daxili orqanılarına baxılır, inkişaf qüsurlarının olub-olmaması araşdırılır.

24-28-ci həftədə qanın ümumi analizi verilir, qlükoza yükləmə testi aparılır.

28-ci həftədən etibarən NST (nonstresstest) və ya KTQ (kardiotokoqrafiya) adlandırılan müayinə - dölün ürək döyüntülərinin izlənməsi aparılır. Bu müayinə üsulu ilə qida və oksigen çatmamazlığını vaxtında aşkarlamaq olur. Diqqət: Hamiləliyin son 3 ayında hamilələr daha diqqətli olmalı, çəkiyə və arterial təzyiqə nəzarət etməlidirlər.

32-36-cı həftədə aparılan USM (ultrasəs müayinəsi) uşağın çəkisini, dölyanı mayenin miqdarını, ciftin yerləşməsini, uşaqlıq boynunun uzunluğunu və öndə gələn hissəni dəqiqləşdirməyə imkan verir.

Test və analiz qiymətləri:

  1. Sidiyin ümumi analizi – 6 Azn (6-8 həftəsində) –hər ay (ehtiyac olduqda);
  2. Qanın ümumi analizi – 16 Azn (6-8, 24-28 həftəsində) – hər ay (ehtiyac olduqda);
  3. Şəkər analizi – 3 azn (qanda, 6-8 həftədə yoxlanılır);
  4. Yaxma – 6 Azn (6-8 həftədə iltihab, mikrob, yaxud infeksiya yoxlanılır);
  5. Koaquloqramma – 40 Azn (qanda yoxlanılır, laxtalanma sisteminin göstəricilərini müəyyən edir, laxtalanma qabiliyyətinin artması və azalmasını, trombun yaranması və qanaxma ehtimalının qiymətləndirilməsi məqsədilə aparılır);
  6. Progesteronun yoxlanılması – 16 Azn (qanla yoxlanılan hormon səviyyəsidir, doğum funksiyasının pozulub-pozulmadığını, tez-tez düşüklər olmasının qarşısını almaq üçün həkim göstərişi olduqda ölçülür);
  7. TSH – 18 Azn (hormon səviyyəsi olub, qalxanabənzər vəzi hormonunun funksiyalarını ölçmək üçün yoxlanılır. Ailədə xəstə uşaqların doğulma ehtimalı və ya uğursuz hamiləliklər olduqda hamiləliyin ilk həftələrindən yoxlanılır);
  8. Qlükoza – 6-18 Azn (qanda yoxlanılır)
  9. Vit D – 45 Azn (qanda yoxlanılır);
  10. Fol turşusu – 20 Azn (qanda yoxlanılır, bu B 9 vitaminidir)
  11. UZİ – ginekoloji (20 Azn), ümumi (35 Azn)
  12. D-dimer – 30 Azn (qanla götürülür, tromb əmələ gəlməsini, böyrəyin funksiyalarını öyrənmək üçün ölçülür. 2-ci dəfə düşük ehtimalı və inkişafdan qalma hallarında yoxlanılır);
  13. Qanda PAPP-A yoxlanılması-ikili test (hamiləliyin 10-13 həftə arasında dölün qüsurlu inkişafı haqqında məlumat verən test) – 80 Azn;
  14. Qanda PRİSKA – üçlü test (hamiləliyin 14-22 həftə arasında dölün qüsurlu inkişafı haqqında məlumat verən test) – 84 Azn;
  15. Qanda sərbəst β hCG – 18 Azn (“Human Chorionic Gonadotropin”in baş hərflərindən alınan HCG hamiləlikdə plasenta tərəfindən ifraz edilir, hamiləliyin davamı üçün vacib olan progesteronun ifraz edilməsini təmin edən hormon olduğu üçün hamiləliyin ilk dövründən 8-ci həftəsinə qədər yoxlanılır);
  16. OGTT (şəkər yükləmə testi) – 6-8 Azn (qanla yoxlanılır, şəkərli diabet riskinə məruz qalan şəxslərə tətbiq olunan kifayət qədər məlumatlı müayinə üsuludur)

Qanda yoxlanılan virus infeksiyaları

  1. Hepatit B – 18 Azn (6-8 həftədə yoxlanılır);
  2. Hepatit C – 18 azn (6-8 həftədə yoxlanılır);
  3. HİV (QİÇS) – 18 Azn (6-8 həftədə yoxlanılır);
  4. Sifilis – 28 Azn (6-8 həftədə yoxlanılır) .

TORCH screening

Tooç infeksiyaları hamiləliyin 10-11-ci həftəliyində qanda yoxlanılır.

  1. Toksoplazma İgM, İgG – 14 Azn (hər biri);
  2. Rubella İgM, İgG – 14 Azn (hər biri) (6-8 həftədə yoxlanılır);
  3. CMV (sitemoqalovirus) İgM, İgG – 15 Azn (hər biri);
  4. HSV (herpes) İgM, İgG – 14-18 Azn (hər biri);
  5. Xlamidiya İgM, İgG – 14 Azn (hər biri).

PCR (servikal sıyrıntı)

Adlarından da göründüyü kimi yaxmadan götürülən testlərdir, cinsi yolla keçən infeksiyaların yoxlanılmasıdır, hamiləlikdə ağırlaşmaların və dölə ziyan vurmasının qarşısını almaq üçün yoxlanılır.

  1. Gardnerella vaginalis – 22 Azn

    2. Chlamydia trachomatis – 22 Azn

    3. Ureaplasma urealyticum – 22 Azn

    4. Mycoplasma hominis – 22 Azn

    5. Neisseria gonorrhoeae – 22 Azn

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner