Banner
Banner

Allergiyalar

II tip şəkərli diabet xəstələrinin xəstəliyə münasibət tipləri- ARAŞDIRMA

II tip şəkərli diabet xəstələrinin xəstəliyə münasibət tipləri- ARAŞDIRMA
20:38 25 Yan 2021

Dünya ölkələrinin çoxunda ürək-damar və onkoloji xəstəliklərdən sonra bilavasitə ölüm səbəbləri arasında üçüncü yeri tutan şəkərli diabetdir (ŞD). Bu xəstəlik vaxtında müalicələrə başlanmadıqda, çox ciddi fəsadlar törədir. Sürətlə inkişaf edən xəstəlik sosial-tibbi problemlər yaradır, ölkələrin iqtisadiyyatına və ailələrin maddi durumuna təsir göstərir. Dünya Səhiyyə Təşkilatının (DST) proqnozlarına görə, diabetdən əziyyət çəkənlərin sayı 2040-cı ilə qədər artaraq 642 milyon nəfərə çata bilər (1). Azərbaycanda da bu xəstəliyə tutulmaların sayının artması müşahidə olunur. Belə ki, 2017-ci ilin sentyabr ayının əvvəli üçün respublikanın müalicə-profilaktik müəssisələrində qeydiyyata alınan diabet xəstələrinin sayı 241.223 nəfər təşkil edib ki, onların da 73.367 nəfəri Bakı şəhəri sakinidir. II tip şəkərli diabetdən 29.830 adam, I tip şəkərli diabetdən 211.493 adam əziyyət çəkir. Bütün diabetli xəstələrin 90-98%-ni şəkərli diabet tip 2 təşkil edir. Şəkərli diabet tip 2-yə “yaşlıların” diabeti də deyilir (2). Şəkərli diabet tip 2-insulinə rezistentliyin üstünlüyü və nisbi insulin çatışmazlığı ilə və ya nisbi insulin çatışmazlığının üstünlüyü,insulinlə rezistentliklə və ya onsuz müşahidə olunan karbohidrat mübadiləsinin pozulmasıdır. Şəkərli diabet tip 2-nin, istərsə də hər hansı bir digər xəstəliyin müalicəsində başlıca məqsəd insanın həyatının keyfiyyətini, mümkün olan bütün müalicə-profilaktik tədbirlərin hesabına yaxşılaşdırmaqdır. Belə ki, xəstənin şəxsiyyəti həm birbaşa xəstəliyin simptomokompleksinin təsirindən, həm də xəstənin öz sağlamlığı ilə bağlı keçirdiyi psixoloji gərginlik nəticəsində dəyişir (3). Özgüvənliyin və özünü qiymətləndirmənin aşağı düşməsi, həyatından narazılıq, narahatlıq, qəzəb və depressiya kimi halların yaranması müşahidə olunur. Bu problemlər “xəstəliyin daxili təzahürü” (XDT) adlı fenomenin formalaşmasında əsas yer tutur. Uzun sürən xəstəliyə qarşı uyğunlaşma bacarığı XDT-nın müxtəlif dəyişikliklərə uğramasına səbəb olur (4). Yaranmış qeyri-kafi XDT xəstəliyin gedişatına mənfi təsir edə bilər. XX əsrin ortalarında xroniki xəstəliyi olan pasiyentlərin öz xəstəliklərinə münasibəti və şəxsiyyət tiplərinin bununla əlaqəsi geniş öyrənilməyə başlanmışdır. Meninger W. və həmkarları xüsusi diabet xəstələrinə məxsus şəxsiyyət tipini ayırd etmişdilər. Onlar təyin etmişdilər ki, bu tip pasiyentlərə əhval-ruhiyyənin azalması, nevrostenik reaksiyalar, laqeydlik hissi, astenik hal və özünü idarə etmənin çətinləşməsi kimi hallar xasdır. Bu kimi hallar depressiyanın yaranmasına gətirir (5). Depressiya zamanı əhval ruhiyyə aşağı düşür, özünü və öz gələcəyi ilə bağlı mənfi bədbin fikirlər yaranır. Depressiv hal pasiyentin sosial adaptasiyasına və həyat keyfiyyətinə mənfi təsir göstərir. Bəzi kompleks tədbirlər diabetin törətdiyi fəsadların qarşısını almağa və ya onların inkişaf sürətini maksimum dərəcədə azaltmağa imkan verir (6). Çox saylı tədqiqatlar göstərir ki, şəkərli diabetli insanlarda uzun müddətli psixoterapiya və psixoloji yardım üsulları effektlidir. Psixoloji və sosial vəziyyətin qiymətləndirilməsi diabetin müalicəsinin aparılmasının bir hissəsidir. Depressiya, həyəcan, qidalanmanın pozulması və tibbi rejimin riayət edilməməsi ilə nəticələnən şüur pozuntuları kimi psixi-sosial problemlərin skrininqi aparılmalıdır(7).

Metod

 Xəstəliyə münasibət tipinin psixodiaqnostikası “ТОБОЛ” sorğusu vasitəsi ilə aparılmışdır. Bu sorğu V.M.Bexterev adına institutda hazırlanmışdır. Sorğuda olan suallar əsasında pasiyentin xəstəliyə münasibəti ilə yanaşı müalicə edən həkimə, xəstəyə baxan tibb heyətinə, yaxınlarına və qohumlarına qarşı münasibətini təyin etmək mümkündür. Münasibət tiplərinin klassifikasiyasının əsasında A.E.Liçko və N.Y.İvanov (1980) tərəfindən təklif olunan təsnifat dayanmışdır. Sorğu aşağıdakı münasibət tiplərini ayırd edir: hormonik, erqopatik, anozoqnozik, təşvişli, ipoxondrik, nevrostenik, melanxolik, apatik, sensitiv, eqosentrik, paranoidal, disforik tiplər. Bu tiplərin hamısı üç qrupa bölünmüşdür:

  • Xəstəliyə şərti olaraq uyğunlaşan tiplər (hormonik, erqopatik, anozoqnozik)
  • Xəstəliyə intrapsixoloji istiqamətli münasibət tipi (təşvişli, ipoxondrik, nevrostenik, melanxolik, apatik)
  • Xəstəliyə interpsixoloji yönlü münasibət tipi (eqosentrik, paranoidal, disforik)

Qarışıq və diffuz forma münasibət tiplərinə də rast gəlinir.

Tədqiqatın məqsədi: II tip şəkərli diabet xəstələrin xəstəliyə münasibət tipini öyrənmək.

Tədqiqat materiallarında aşağıdakı kriterilər nəzərə alınmışdır:

  1. əsas diaqnoz-şəkərli diabet tip II
  2. xroniki xəstəliyin müddəti-diaqnoz təsdiq olunan andan altı aydan çox müddətin keçməsi
  3. yanaşı psixiatrik xəstəliyin olmaması

Alınan məlumatların SPSS 16 proqramında statistik analizi aparılmışdır. İştirak edən xəstələrin hamısı könüllü razılıq ərizəsini imzalamışlar.

Material

2016-2018-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Endokrinologiya bölməsində ambulator və stasionar qeydiyyatda olan 54 xəstədən toplanmış sorğu materiallarından istifadə olunmuşdur. Xəstələrin çoxusu (94,4%) qadınlar olmuşdur. Tədqiqatda 35-73 yaş arası olan pasiyentlər iştirak etmişdir, orta yaş 45,59±1.65 hesablanmışdır. Xəstələnmə müddəti 14 pasiyentdə (26%)  5 ildən az, 6-10 il arası 32 (59,2%) pasiyentdə və 10 ildən çox müddəti əhatə edən 8 (14,8%) pasiyentdə qeyd olunur. Xəstələnmə müddətinin orta rəqəmi 4.42±0.44 olmuşdur. Xəstələrin arasında əmək qabiliyyətli yaşda olanlar (36 nəfərin yaşı 50 –dən aşağı ) üstünlük təşkil edir. ŞD görə əlillik qrupu olanların sayı 39 nəfərdir, bu da 72.2% təşkil edir. Xəstələrin sosial durumları üzrəbölgüsü aşağıdakı kimi : 51.9% -dövlət qulluğunda olanlar, 44.4% -işləyən, 3,7% -işsiz olmuşdur. Yalnız 48.2% xəstələr nigahda qeydə alınmışdır. Təhsil səviyyəsinin göstəriciləri yüksək idi: 24,1% ali təhsilli, 75,9% orta təhsilli idi. Xəstəliyin ağırlıq dərəsinə görə bölgü aparılmışdır: I dərəcəli ağırlaşmalar 12 nəfərdə (22,2%), II dərəcəli – 37 nəfərdə (68.5%) və III 5 nəfərdə (9.3%) ağırlaşmlar qeyd olunur. Xəstəliyin gedişatına görə xroniki forma 16 nəfərdə (29.6%), yarımkəskin vəziyyət 35 nəfərdə (64,8%) və kəskin 3 nəfərdə (5,5%) olmuşdur. Xroniki tip xəstəlik I dərəcəli ağırlaşmaları olanlar arasında daha çox yayılmışdır (66.7%), yarımkəskin tip II dərəcəli ağırlaşmaları olanlarda (76.9%) və kəskin dövr III dərəcəli ağırlaşmaları olanlar arasında (66.7%) yayılmışdır.

Nəticələr: Sorğulardan alınan nəticələrə əsasən demək olar ki, pasiyentlər arasında 51,8 %-də  daha çox qarışıq tip xəstəliyə münasibət reaksiyaları formalaşmışdır (daha çox ipoxondrik-18,5%, sensitiv 24,05%, təşvişli-20,35%, nevrostenik və erqopatik forma 14,8% ). Yalnız bir növ münasibət tipi 27,7% pasieyntlərdə rast gəlinir. Bu formalara hormonik (7,4%), erqopatik (18,5%), və sensitiv (1,85%) tiplər aiddir.

Beləliklə II tip ŞD xəstələrində xəstəliyə münasibət tipləri dezadaptasiya mexanizmləri əsasında və sensitiv (46,25%), ipoxondrik (37%) və təşvişli (33,3%) formaların üstünlüyü ilə formalaşmasını qeyd edə bilərik. Daha az nevrostenik (18,5%), eqosentrik (14,8%) və melanxolik (11,1%) tip münasibət növləri izlənildi.

Təşviş, ipoxondrik, melanxolik, apatik və sensitiv tip münasibət növləri formalaşan bir qrup xəstələrdə sosial və psixi dezadaptasiya kəskin ifadə olunmuşdur. Bu qrupa daxil olan pasiyentlərdə xəstəliyin gedişatı və yarana biləcək ağırlaşmaları haqqında keçirdiyi narahatlıqlar xəstəliyin daxili təzahürünün emosional-affektiv komponentin üstünlüyü ilə formalaşmasına səbəb olur. Pasiyentdə xəstəliyin daxili təzahürünün formalaşmasında təşviş-sensitiv tip münasibət növünün rolu böyükdür. Həmçinin tədqiqatda iştirak edən bu qrup pasiyentlərdə intra- və interpsixoloji dezadaptiv forma münasibət tipinin yaranmasına daha çox rast gəlinir.

Müalicə həkimləri, xüsusən endokrinoloqlar II tip şəkərli diabeti olan pasiyentlərin müalicəsi zamanı onların xəstəliyə münasibət tipini, formalaşmış xəstəliyin daxili təzahürünün xüsusiyyətlərini, depressiya və narahatlığın dərəcəsini nəzərə almaqları ilə xəstənin psixi durumuna və müalicəyə yanaşmasına təsir edə bilərlər. Psixoloq, psixoterapevt və müalicə həkiminin birgə işi nəticəsində xəstənin həyat keyfiyyətini artırmaq, cəmiyyətdə rahat uyğunlaşdırmaq və daha effektiv bərpa-reabilitasiya proqramaları hazırlamaq mümkündür.  

Aynur İmanova

Milli Onkologiya Mərkəzi                           

Radioloq

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner